Heydər Əliyev Sarayı – ümummilli liderin adını daşıyan saray paytaxtımızın memarlıq simasında xüsusi yeri olan möhtəşəm məkan, həm də ölkənin baş səhnəsi, əsas konsert salonudur. İllər boyu ictimai-siyasi, mədəni-kütləvi tədbirlərə ev sahibliyi edən, Azərbaycan xalqının həyatında önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdıran saray bugün də qaynar həyatını yaşayır.
Tarixi
XX əsrin ikinci yarısından Azərbaycanın paytaxtında yeni və maraqlı memarlıq abidələri ucaldılmağa başlandı. Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı üçün yeni binalar inşa edildi. Kinoteatrlar, mədəniyyət sarayları şəbəkələri genişləndirildi. 1960-cı ildən Bakıda genişekranlı kinoteatr tikilməsi qərara alındı. Tikintiyə 1962-ci ildə başlanıldı. Bina dörd küçənin kəsişməsində layihələndirilmişdi. İlkin işlər görüldü və az müddət sonra iş dayandırıldı.
Ümummilli liderimiz Heydər Əliyevin 1-ci hakimiyyəti dövründə ləngiyən və gecikdirilən bir çox tikinti işlərinə rəvac verildi. Ulu öndər genişekranlı kinoteatrın yarımçıq tikintisi ilə maraqlandı. Onun ləngimə səbəblərini araşdırdı. Vəziyyət ətraflı təhlil edildi və bu obyektin təhvil verilməsini təmin etmək üçün xüsusi komissiya yaradıldı. Yüksək peşakarlıq səriştəsi olan Əliş Ləmbəranski tikintiyə rəhbər təyin edildi. Binanın fəaliyyət məqsədi də dəyişdirildi və onun möhtəşəm Saray olması üçün layihədə müəyyən dəyişikliklər edildi.
İllərlə ləngiyən Sarayın tikintisi məhz Ümummilli liderimiz Heydər Əliyevin qayğısı nəticəsində 2 ilə başa çatdı. Yüksək peşəkarlıqla və növbəli iş sistemi ilə görülən işlər bəhrəsini verdi. Bu gün öz qurucusunun, Ulu Öndərin adını daşıyan saray 11 dekabr 1972-ci ildə təhvil verildi.
Əvvəlcə kino-konsert kompleksi kimi tikilən möhtəşəm bina Bakı şəhər Dövlət Layihə İnstitutu tərəfindən layihələndirilib. Tikintinin baş memarları V.Şulqin və E.Melxisedokovdur.
1972-ci il dekabr ayının 14-də Saray öz qapılarını tamaşaçıların üzünə açdı. Açılış üçün çox böyük konsert proqramı hazırlanmışdı. Təntənəli konsert proqramı Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası ilə açıldı. Konsertdə Dövlət Rəqs Ansamblı, “Qaya” vokal kvarteti, SSRİ xalq artisti Hökümə Qurbanova, Zeynəb Xanlarova, Lütfiyar İmanov, Aşıq Pənah Pənahov və bir çox başqa incəsənət ustaları iştirak edirdilər.
O tarixi gündən uzun illər keçsə də, bu gün Azərbaycan incəsənətinin nümayiş olunduğu əsas səhnə məhz Heydər Əliyev Sarayıdır.
Bu səhnə bir çox möhtəşəm hadisələrə şahidlik edib. Ulu öndər Heydər Əliyev 1972-2002-ci illər arasında bu gün onun adını daşıyan Sarayda keçirilən respublika, ittifaq və beynəlxalq əhəmiyyətli möhtəşəm tədbirlərdə daim iştirak edirdi. Sənətə, mədəniyyətə, iqtisadiyyata, respublikanın uğurlarına, el şənliklərinə həsr olunan tədbirlərin əksəriyyətində Heydər Əliyev müdrük çıxışları ilə yaddaşlara həkk olunmuşdur.
Xalqımızın böyük oğlu, Ulu Öndərin mədəniyyət sahəsinə olan sonsuz diqqəti və qayğısı bu saraya münasibətdə də hər zaman aydın nəzərə çarpıb. Elə bu səbəbdən də mədəniyyət ocaqları sırasında özünəməxsus yeri olan ölkənin mərkəzi konsert salonu öz qurucusu – ümummilli lider Heydər Əliyevin adını daşıyır. Nəhayət, bu möhtəşəm saray özünün ikinci həyatına ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə qədəm qoyub. Prezidentin müvafiq qərarı ilə yüksək səviyyədə əsaslı təmir-bərpa olunan saray ümumilikdə dövlətimizin mədəniyyətə, onun inkişafına göstərdiyi münasibətin bariz nümunəsidir.
Bunun nəticəsidir ki, bu gün paytaxt Bakımızın, ölkəmizin rəmzinə çevrilən bu konsert müəssisəsi özünün gözəlliyi və möhtəşəmliyi ilə dünyanın seçilən mədəniyyət məkanlarından birinə çevrilib.
Məlumdur ki, Ulu Öndər 2-ci hakimiyyəti dövründə bu sarayda xalq qarşısında and içərək, Prezident kimi ilk nitqini söyləyib.
Onun layiqli davamçısı cənab İlham Əliyev də ölkə başçısı seçilərkən xalqa məhz bu məkandan səslənib.
Azərbaycan Respublikasının bir çox dövlət əhəmiyyətli tədbirləri də məhz Heydər Əliyev Sarayının ev sahibliyi ilə reallaşıb.
Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə dahi Nizaminin 840, Nəsiminin 600, M.F.Axundovun 170, H.Cavidin 100 illik yubileyləri keçirilmişdir. “Kitabi Dədə-Qorqud”un 1300 illiyi, M.Füzulinin 500 illiyi ilə bağlı tədbirlər Heydər Əliyev Sarayında keçirilmişdir.
Fəaliyyəti
Sarayın fəaliyyətini şərti olaraq iki hissəyə bölmək olar. 1972-2006-cı illərdəki fəaliyyət dövrü və əsaslı təmirdən, yenidənqurma işlərindən sonrakı dövr. Birinci dövrdə Azərbaycan Respublikasının böyük mədəni və siyasi-ictimai tədbirləri, ümumittifaq və beynəlxalq əhəmiyyətli tarixi toplantılar sarayda keçirilib. Ayrı-ayrı illərdə onun səhnəsində dünya şöhrətli sənətçilər çıxış etmişlər. Rusiyanın estrada ulduzlarından Tamara Sinyavskaya, Alla Puqaçova, İosif Kobzon, Arkadi Raykin, Layma Vaykule, Gennadi Xazanov, Vladimir Vinokur, Lev Leşşenko, Lüdmila Zıkina, gürcü ulduzlar Nani Breqvadze, Vaxtanq Kikabidze, türk sənətçiləri Emel Sayın, Ajda Pekkan, İbrahim Tatlısəs, Müşərrəf Akay, Mahsum Kırmızıgül, yunan Demis Russos, alman Tomas Anders, Özbəkistanın “Yalla” qrupu, çex Karel Qott və bir çox görkəmli sənət adamları sarayda möhtəşəm konsertlər veriblər. Moskvanın Satira, MXAT, Vaxtanqov kimi dünyaşöhrətli teatrları bu səhnədə tamaşalar göstəriblər. Bu siyahıya Azərbaycan sənətkarlarını əlavə etsək, mənzərə daha əzəmətli görünər. Rəşid Behbudov, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova, İslam Rzayev, Gülağa Məmmədov, Hacıbaba Bağırov, Anatollu Qəniyev, Flora Kərimova, İlhamə Quliyeva, Ağadadaş Ağayev və müxtəlif konsert qrupları, rəqs ansamblları, vokal dəstələri neçə-neçə əlvan proqramlı konsertlərini məhz Sarayda veriblər.
Təbii ki, sarayın səhnəsində keçirilən siyasi-ictimai tədbirlər həddindən artıq çoxdur. Azərbaycan Milli Teatrının 100 illiyi (31 may 1974-cü il), Sovet Ədəbiyyatı Günləri (8 oktyabr 1975-ci il), Azərbaycan Kommunist Partiyasının XXIX Qurultayı (29 noyabr 1976-cı il), Azərbaycanda Ukrayna Respublikasının Ədəbiyyat və İncəsənət günlərinin təntənəli açılışı (31 oktyabr 1976-cı il), Leninqrad Ədəbiyyatı və İncəsənəti Günləri (11 dekabr 1987-ci il), Azərbaycan Komsomolunun Qurultayı (6 mart 1987-ci il), Yeni Azərbaycan Partiyasının Qurultayı (20 və 21 dekabr 1999-cu il), Dünya Azərbaycanlılarının I Qurultayı (09-10 noyabr 2001-ci il), Dünya Azərbaycanlılarının II Qurultayı (16 mart 2006-cı il), VII Beynəlxalq “Şərq-Qərb” Kino Festivalı (2 oktyabr 2005-ci il), VIII Beynəlxalq “Şərq-Qərb” Kino Festivalı (4 sentyabr 2006-cı il) Rusiya Mədəniyyəti Günləri (12 iyun 2004-cü il və 1 iyun 2006-cı il)
Heydər Əliyev Sarayının ikinci dövr fəaliyyəti isə 2006-2008-ci illərdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra başladı.
İkinci dəfə böyük səs çoxluğu ilə Prezident seçilən İlham Əliyevin 24 oktyabr 2008-ci ildə andiçmə mərasimi Sarayda keçirildi.
Heydər Əliyev Sarayının əsaslı təmir və yenidənqurma işlərindən sonra rəsmi açılışı isə SSRİ xalq artisti Zeynəb Xanlarovanın 2008-ci il 5 və 6 noyabrda keçirilən möhtəşəm solo konsertləri ilə oldu. Elə həmin vaxtdan Saray tam gücü ilə fəaliyyətə başladı.
Bundan sonra səhnədə dünya şöhrətli italyan müğənnisi Toto Kutunyonun, rus müğənniləri Vladimir Leontyevin, Vitasın, Rostropoviç adına II Beynəlxalq Musiqi Festivalının, Marinski Dövlət Akademik Opera və Balet Teatrının, məşhur gürcü kollektivi “Erisioni” Dövlət Mahnı Teatrının çıxışları olub. Türk müğənnisi Sərdar Ortac, hazırda Amerikada yaşayan soydaşımız, caz artisti Əzizə Mustafazadə, “Asiman” uşaq rəqs kollektivi, müxtəlif estrada artistlərimiz burada konsertlər veriblər. “Hökmdarın taleyi” və “Cavad xan” filmlərinin premyeraları Heydər Əliyev Sarayında nümayiş etdirilib.
Heydər Əliyev Sarayında yenidənqurma işlərinin gedişi bitdikdən sonra 1 il 7 ay davam edən yenidənqurma işlərindən sonra 16 oktyabr 2008-ci ildə Heydər Əliyev Sarayı müasir, dünya standartlarına cavab verən, tam təzə görkəmdə təhvil verildi.
Saray istifadəyə veriləndən 1989-cu ilə qədər Respublikanın xalq artisti Kərim Kərimov, 1989-cu ildən 2020-ci ilə qədər Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev, 2020-ci ildən 2022-ci ilə qədər Əməkdar artist Ramil Qasımov rəhbərlik edib:
2022-ci il 17 iyun tarixindən Heydər Əliyev Sarayının direktoru vəzifəsi müvəqqəti olaraq Faiq Mirzəyevə həvalə edilib.
Heydər Əliyev və Mədəniyyət
XX əsr Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı və böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərinin nəticəsi idi. Onun rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində, Azərbaycanın müstəqillik dövründə mədəni və ədəbi irsimizə, təsviri sənətə, teatr, musiqi və kino sənətinə qayğı əsaslı şəkildə artmışdır. Həm dövlət başçısı, həm də vətənpərvər bir insan kimi Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilməlidir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, Azərbaycan qədim mədəniyyətə, incəsənətə malik olan bir xalqdır.
Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi qayğı ilə yanaşırdı. “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Bu müdrik ifadələr də Ümummilli Lider Heydər Əliyevə məxsusdur. Dahi siyasət xadimi yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını mədəniyyət təşkil edir. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu Öndər rəhbərlik fəaliyyətinin bütün dövrlərində bu sahənin inkişafını diqqət mərkəzində saxlamışdır. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı.
Bu bir həqiqətdir ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışlar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Azərbaycan sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində ən yüksək fəxri adlara layiq görülmüşlər. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanırdı. Hansı sahədən danışmasından asılı olmayaraq bu sahənin mütəxəssisi, bilicisi təssürratı yaranırdı dinləyicilərdə. Keçirilən hər tədbirin sonunda səhnə arxasında yaradıcı heyətlə görüşməsi zamanı, Ulu öndərin tədbir, tamaşa və konsertlə bağlı xoş sözlərini, təbriklərini və yeni yeni təkliflərini dinləmək hər bir yaradıcı insanların, sənətkarların səbirsizliklə gözlədiyi anlardan biri idi.