Heydər Əliyev Sarayında Tofiq Quliyevin – 105 illik yubiley gecəsi keçirildi
8 May 2022 21:17
8.05.2022
Heydər Əliyev Sarayında Tofiq Quliyevin – 105 illik yubiley gecəsi keçirildi

Heydər Əliyev sarayının Mətbuat katibi, Aytac Bagırlının sözlərinə görə 28-29 aprel tarixlərində Heydər Əliyev Sarayında “Əbədiyaşarlar” layihəsi çərçivəsində görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin 105 illiyinə həsr olunmuş “Bizi yaşadan nəğmələr” adlı möhtəşəm konsert proqramı keçirilib.

Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov Tarixi səhnədən tamaşaçıları salamlayaraq bu tarixi, önəmli günün ölkəmizin mədəni həyatındakı rolundan bəhs etdi. Vurğulandı ki, Azərbaycan bəstəkarlar məktəbinin görkəmli nümayəndəsi Tofiq Quliyevin yaradıcılığı, musiqiləri tamaşaçıların yaddaşına əbədi olaraq həkk olunmuşdur. R.Qasımov çıxışında Ulu Öndər Heydər Əliyevin Tofiq Quliyevə qarşı olan diqqət və qayğısından, dostluq münasibətindən, onun bu tarixi səhnədəki yubileyində iştirakı, təntənəli çıxışından, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bəstəkarın yubileylərinin, yaradıcılığını əks etdirən layihələrin həyata keçirilməsindən və möhtərəm prezident İlham Əliyevin Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, xalq artisti Tofiq Quliyevin xatirəsini daim diqqətdə saxlayaraq əbədiləşdirilməsi məqsədi ilə adının küçəyə və musiqi məktəbinə verilməsi, xatirə lövhəsinin vurulması və yaxın zamanlarda abidəsinin ucaldılması haqqında sərancamlarını xüsusi qeyd etmişdir.

“Bu gün Azərbaycanımızın hüdudlarından kənarda Tofiq Quliyev musiqiləri böyük maraqla dinlənilir, səslənilir və sevilir. Burdan da o nəticəni çıxartmaq olar ki, Tofiq Quliyev musiqisi hər zaman yaşayacaqdır” – Ramil Qasımov.

Yubiley gecəsində Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri, Xalq artistləri İlqar Muradov, Ramiz Quliyev, Əməkdar artistlər Aygün Bəylər, Elton Hüseynəliyev, Anar Şuşalı, İnarə Babayeva, Xəyyam Nisanov, Aqşin Abdullayev, Zakir Əliyev, müğənnilər Zabitə Alıyeva, Aynur İsgəndərli, Atəş Qarayev, Fatimə Cəfərova, Şaban Cəfərov, Aydan Həsənova, Cəlal Kərimov, Samirə Allahverdiyeva, Vaqif Şıxəliyev, Səbinə Ərəbli, Azad Şabanov, Süleyman Süleymanov, Rasim Fərəcov, Ülkər Əliyeva, Ürfan Cəfərov və Cəmil Sədizadə (piano), həmçinin Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestri, Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi ilə "Qaytağı” ansamblı, “Sevil” qrupu və “Bənövşə” uşaq xoru çıxış ediblər.

Yubileydə bəstəkarın illərdi sevə-sevə dinlədiyimiz, hər birimizin dillər əzbəri, həyatımızın bir parçası olan unudulmaz musiqiləri “Bəxtəvər oldum”, “Gül oğlum”, “Gəlmədin”, “Qəmgin mahnı”, “Arzular”, “Zibeydə”, “Qızmar günəş altında”, “Sevgi valsı”, “Məhəbbət çırağı”, “Axşam mahnısı”, “Naxçıvanım”, “Pəncərəmə qondu çiçək”, “Faytonçu”, “Bakı əziz şəhər”, “Sənə də qalmaz”, “Sən mənimsən, mən sənin” və sairə müğənnilərin ifasında səslənib.

Digər xəbərlər