Xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət "Nəğmə dolu bir ürəyəm ey Vətən” adlı konsert proqramı Heydər Əliyev Sarayında keçirildi
8 İyun 2022 12:31
8.06.2022
Xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət "Nəğmə dolu bir ürəyəm ey Vətən” adlı konsert proqramı Heydər Əliyev Sarayında keçirildi

İyun ayının 7-si Heydər Əliyev Sarayında “Əbədiyaşarlar” layihəsi çərçivəsində görkəmli bəstəkar, sevilən mahnıların müəllifi, Xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət "Nəğmə dolu bir ürəyəm ey Vətən” adlı möhtəşəm konsert proqramı keçirilib. 


Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov konsertdən öncə Tarixi səhnədən tamaşaçıları salamlayaraq bu tarixi, önəmli günün ölkəmizin mədəni həyatındakı rolundan bəhs etdi. Vurğulandı ki, Azərbaycan bəstəkarlar məktəbinin görkəmli nümayəndəsi Elza İbrahimovanın yaradıcılığı, musiqiləri tamaşaçıların yaddaşına əbədi olaraq həkk olunmuşdur. Ramil Qasımov vurğulayıb ki: "Müstəqil Azərbaycanımızı vəsf edən bir neçə mahnılar var və elə bu günkü gecənin adı olan "Nəğmə dolu bir ürəyəm ey Vətən" mahnısı da Azərbaycanımıza həsr olunan ən gözəl nümunələrdəndir. Çox sevindirici bir haldır ki, bu gün Elza İbrahimova sənəti dövlətimiz tərəfindən xüsusi qayğı və diqqətlə əhatə olunub". Bu günkü konsertin belə yüksək səviyyədə gerçəkləşməsində dövlətimiz tərəfindən Elza İbrahimovanın sənətinə verilən dəyərdən bəhs edən Ramil Qasımov bu cür konsert proqramlarının önəmindən danışıb. 


Gecədə bəstəkarın unudulmaz nəğmələrini Azərbaycanın tanınmış incəsənət nümayəndələri, Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovalar, Əməkdar artistlər Elton Hüseynəliyev, Lalə Məmmədova, Vasif Məhərrəmli, Arzu Əliyeva, Rəşad İlyasov, Gülüstan Əliyeva, Aqşin Abdullayev, Almaz Orucova, Teymur Əmrah, istedadlı müğənnilər İlhamə Qasımova, Zamiq Hüseynov, Aytən Məhərrəmova, Samir Piriyev, Samirə Əliyeva, Nicat Cəfərzadə, Türkay Məlikova, Cavad Sultanov, Zabitə Əliyeva, Rəvanə Qurbanova, Ayşən Mehdiyeva Azərbaycan Televiziyası və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı və Rövşən Qurbanovun rəhbərli ilə “Buta” instrumental ansamblının müşaiyəti ilə ifa etdilər.

Konsertin qurululuşçu rejisoru əməkdar artist İnarə Babayevadır.  Gecədə bəstəkarın illərdi sevə-sevə dinlədiyimiz, hər birimizin dillər əzbəri, həyatımızın bir parçası olan unudulmaz musiqiləri “Ey Vətən”, “Qurban verərdim”, “Bilməzdim”, “Mehribanım”, “Sən yadıma düşəndə”, “Gecələr bulaq başı” və bir sıra başqa əsərləri müğənnilərin ifasında səslənib.

Digər xəbərlər