Oktyabrın 25-də Heydər Əliyev Sarayında dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ və Azərbaycan Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən gecədə Azərbaycan Respublikasının Xalq artistləri Fidan Hacıyeva, Azər Zeynalov, Emin, Tünzalə Ağayeva, Miri Yusif, Faiq Ağayev, Samir Cəfərov, Faiq Sücəddinov, Əməkdar artist Elnarə Məmmədova, Kabardin-Balkariya, Adıgey, Qaraçay-Çerkez Respublikalarının Əməkdar artisti və Çeçenistan Respublikasının Xalq artisti Astemir Apanasov, istedadlı müğənnilər Vaqif Nağıyev və Rauf Məmmədzadə çıxış etdilər. Ifaçıları Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayət etdi. Tədbirin açılışını Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov etdi. Eyni zamanda axşamda Xalq rəssamı Fərhad Xəlilov, Xalq artisti Oktay Mirqasımov və SSRİ və Azərbaycan Xalq artisti Fərhad Bədəlbəyli Müslüm Maqomayev ilə olan xoş xatirələrini bölüşdülər.
Qeyd edək ki, Müslüm Maqomayev 17 avqust 1942-ci ildə Bakıda anadan olub. O, ilk dəfə səhnəyə 14 yaşında çıxıb. 1960-70-ci illərdə Müslüm Maqomayevin şöhrəti artıq bütün dünyaya yayılmışdı. Həmin dövrdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, İtaliyanın dünya şöhrətli "La Skala" teatrında təcrübə keçib. 31 yaşında SSRİ Xalq artisti adına layiq görülüb. Onun repertuarında 600-dək əsər var. Müslüm Maqomayev həm də gözəl mahnılar müəllifidir. Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı isə ölkəmizə ithaf edilmiş ən gözəl əsərlərdən biridir. Müslüm Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri hər zaman yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları – "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.