14 dekabr 2022-ci il Heydər Əliyev Sarayının fəaliyyətə başlamasının 50 illiyi tamam olur. Heydər Əliyev Sarayının rəhbərliyi və əməkdaşları bununla əlaqədar Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib və xatirəsi ehtiramla anılıb.
Daha sonra Sarayın kollektivi Şəhidlər Xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edib, onların üzərinə al qərənfillər düzüb, “Əbədi Məşəl” abidə kompleksinin önünə əklil qoyublar.
Qeyd edək ki, ümummilli liderin adını daşıyan Heydər Əliyev Sarayı paytaxtımızın memarlıq simasında xüsusi yeri olan möhtəşəm məkan, həm də ölkənin baş səhnəsi, əsas konsert salonudur. İllər boyu ictimai-siyasi, mədəni-kütləvi tədbirlərə ev sahibliyi edən, Azərbaycan xalqının həyatında önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdıran saray bugün də qaynar həyatını yaşayır.
Sarayın tikintisi məhz Ümummilli liderimiz Heydər Əliyevin qayğısı nəticəsində baş tutmuşdur. Bu gün öz qurucusunun, Ulu Öndərin adını daşıyan Saray məhz 1972-ci il dekabr ayının 14-də öz qapılarını tamaşaçıların üzünə açmışdır. O tarixi gündən uzun illər keçsə də, bu gün Azərbaycan mədəniyyətinin və incəsənətinin nümayiş olunduğu əsas səhnə məhz Tarixi səhnə - Heydər Əliyev Sarayıdır.