Dekabrın 6-da keçirilən gecədə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, “Qaya” Dövlət Ansamblı, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində Estrada-simfonik orkestri, həmçinin tanınmış xalq artistləri və gənc ifaçılar R.Hacıyevin bəstəsi olan mahnılarla çıxış ediblər.
Qeyd edək ki, Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırıb. R.Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olaraq, Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynayıb. Onun sənətinin yüksək bədii keyfiyyətləri kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində də aydın təzahürünü tapıb.