Noyabrın 22-də keçirilən yubiley gecəsində çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev dünya şöhrətli bəstəkarın mənalı ömür yolu və zəngin yaradıcılığı haqqında geniş məlumat verib.
Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun 100 illik yubileyi dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunur. Azərbaycanda, həmçinin ölkə hüdudlarından kənarda bəstəkara həsr olunan və parlaq sənət əsərlərinin səsləndirildiyi silsilə tədbirlər keçirilir .
Qeyd edək ki, yubiley gecəsində Azərbaycan Dövlət Simfonik Orkestri - Bədii rəhbər və baş dirijor Xalq artisti Rauf Abdullayev, dirijorlar Xalq artisti Yalçın Adıgözəlov, Əməkdar artist Əyyub Quliyev və Mustafa Mehmandarov, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı - Bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayev, Azərbaycan Dövlət Rəqs Ansamblı - Bədii rəhbər Xalq artisti Rüfət Xəlilzadə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası - bədii rəhbər Xalq artisti Kamilla Hüseynova, Xalq artistləri Alim Qasımov, Yeganə Axundova, Samir Cəfərov, Gülyanaq Məmmədova, Simarə İmanova, Əməkdar artistlər Anar Şuşalı, Almaz Orucova, İnarə Babayeva və istedadlı opera müğənniləri İlahə Əfəndiyeva, Fatimə Cəfərzadə çıxış ediblər.