Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan müsabiqə-festivalın yekun konserti keçirilib.
8 May 2023 15:25
8.05.2023
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan müsabiqə-festivalın yekun konserti keçirilib.

Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində respublikamızın həyatında gördüyü misilsiz işlərdən, o cümlədən kənd təsərüffatı və sənaye sahəsinin inkişafında xidmətlərindən, elm və təhsilə olan diqqətindən, azərbaycanlı tələbələrin ittifaqının nüfuzlu ali təhsil müəssisələrinə oxumaq üçün göndərilməsindən, Bakıda hərbi liseyin açılmasından, ədəbiyyat və incəsənət xadimlərinə qayğısından danışılıb. Həmçinin Ümummilli Liderin müasir müstəqil Azərbaycanı qurmasından, xilaskarlıq missiyasından, dövlət quruculuğu strategiyasından, onun müəllifi olduğu siyasi kursun dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurlu davamı və bugünkü parlaq nəticələrindən bəhs olunub.

Ardınca konsertdə ali təhsil müəssəsələrinin tələbələrinin ifasında müxtəlif musiqi və rəqs nömrələri, şerlər səsləndirilib.

Müsabiqə-festivalda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin (musiqi təmayüllü ali təhsil müəssisələri istisna edilməklə) əyani şöbələrində təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı solo ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, musiqiçilər, həmçinin orkestr və ansambllar (xor, xalq çalğı alətləri, estrada, vokal-instrumental, simli alətlər, aşıqlar və s.), rəqs kollektivləri (milli, müasir, bal və s.), solo ifaçılar (bədii qiraətçilər, müxtəlif musiqi alətlərində ifa edən fərdi ifaçılar, solo ifaçılar və s.) iştirak ediblər. Bədii yaradıcılıq müsabiqə-festivalına ümumilikdə respublika üzrə 25 ali təhsil müəssisəsi qatılıb.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə təşkil olunan bədii yaradıcılıq festivalı 2004-cü ildən başlayaraq hər il keçirilir. Layihənin məqsədi tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir.

Digər xəbərlər