Avqustun 1-də Heydər Əliyev Sarayında Özbəkistan Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan mədəniyyət naziri Adil Kərimli Azərbaycanda Özbəkistan Mədəniyyət Günlərinin keçirilməsindən məmnunluğunu bildirərək, Azərbaycan və Özbəkistanın ümumi tarix və mədəniyyət ənənələrindən, iki xalq arasında möhkəm və sabit qardaşlıq münasibətlərindən, dövlətlərimizin başçılarının müstəsna səyləri nəticəsində iki ölkə arasında bütün sahələrdə strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsi və inkişafından, xalqlarımızın mədəni irsinin və dəyərlərinin qorunub saxlanması üçün birgə fəaliyyətdən geniş məlumat vermişdir.
Həmçinin, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov çıxışında Özbəkistan mədəniyyət günlərinin xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə, ildən-ilə inkişaf edən və genişlənən Özbəkistan Azərbaycan ikitərəfli münasibətlərinə böyük töhfə verəcəyini qeyd etmişdir.
Tədbir Özbəkistan Dövlət Simfonik Orkestrinin müşaiyəti ilə, Azərbaycan və Özbəkistan incəsənət xadimlərinin konsert proqramı ilə davam etmişdir.