Heydər Əliyev Sarayında “ZəfərFest – 3” yaradıcılıq sərgi-festivalı keçirilib
8 Noyabr 2023 18:57
8.11.2023
Heydər Əliyev Sarayında “ZəfərFest – 3” yaradıcılıq sərgi-festivalı keçirilib

Noyabrın 7-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “ZəfərFest – 3” yaradıcılıq sərgi-festivalı keçirilib.
Festivalda tanınmış mədəniyyət və incəsənət xadimləri, şəhid övladları, təhsil müəssisələrinin pedaqoji, şagird kollektivləri, rəsmi qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər. 
Tədbirin sərgi hissəsində nazirlik sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin yetirmələrinin Zəfər Günü ilə bağlı hazırladıqları rəsm və əl işlərinə baxış keçirilib.
Bədii hissədə Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin özfəaliyyət kollektivləri, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyası, həmçinin Bülbül adına orta ixtisas musiqi məktəbinin simfonik orkestri, Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin kollektivi, ümumilikdə isə 300-dən çox məktəblinin iştirakı ilə ədəbi-bədii kompozisiyalar nümayiş olunub, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səslənib.
Qeyd edək ki, sərgi-festivalın məqsədi Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi, Azərbaycan ordusunun zəfər yürüşü, şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı uşaq və gənclərin maarifləndirilməsi, qazanılan zəfərin bütün türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılmasından ibarət olub.

Digər xəbərlər