Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə "II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı"nın təntənəli bağlanış mərasimi baş tutdu.
Mərasimdə mədəniyyət naziri Anar Kərimov çıxış edərək festivalın əhəmiyyətindən söz açıb. Festivalın Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılması məqsədilə keçirildiyini söyləyən nazir deyib: “Çox şadam ki, belə bir festivalı Azərbaycanda keçiririk və dəstək göstəririk. Opera sənəti ümumbəşər bir dəyərdir. Azərbaycanın opera sənətinin öz ənənələri var. Azərbaycan milli opera sənətinin tarixi dahı bəstəkarımız Üzeyir Hacıbəylinın 113 il bundan əvvəl tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlayıb. Bu sənət Üzeyir Hacıbəylidən sonra Müslim Maqomayev, Əfrasiyab Bədəlbəyli, Maestro Niyazi, Soltan Hacıbəyov tərəfindən daha da inkişaf etdirilib. Azərbaycan operası dünya operası ailəsinə daxil olub. Vokal sənətinin banisi olan Bülbülün davamçıları bu günə qədər Azərbaycan opera, vokal sənətini dünyanın ən mötəbər səhnələrində səsləndirirlər”.
Daha sonra çıxış edən “Operavision” TV-nin direktoru Luke O'Shaugnessy bildirdi ki, oktyabrın 25-i dünyada opera gününü kimi qeyd edilir: “Opera ayını Heydər Əliyev Sarayında başlamağa qərar verdik. “Operavision” TV dünyanın bir çox ölkələrindən canlı yayıma çıxır. Mən bizi dinləyən bütün tamaşaçıları salamlayıram və tədbirin təşkilatçılarına təşəkürümü bildirirəm”.
Konsert proqramında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestri və xoru, Xalq artistləri Samir Cəfərov, Fidan Hacıyeva, Əməkdar artistlər Ramil Qasımov, Əyyub Quliyev eyni zamanda Serbiyadan soprano Mariya Yeliç, Ankaradan bariton Umut Kosman və soprano Fəryal Tütkoğlu iştirak ediblər.
Təntənəli bağlanış mərasiminin sonunda Festivalın ideya müəllifi və bədii rəhbəri, Heydər Əliyev Sarayının direktoru, Əməkdar artist Ramil Qasımov çıxış edərək göstərilən qayğı və diqqətə görə ilk növbədə dövlətə və ölkə rəhbərliyinə təşəkkür etdi. Eyni zamanda Azərbaycan Respublikasının Mədəniyyət nazirliyinin göstərdiyi dəstəyə görə minnətdarlığın bildirdi. Fürsətdən istifadə edərək bütün tədbir iştirakçılarına uğurlar diləyərək minnətdarlığını bildirdi.
Qeyd edək ki, “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı”nın təntənəli bağlanış mərasimi Azərbaycan Televiziyası Mədəniyyət kanalı və “Operavision” TV-də canlı yayımlanıb.